Hüquqi terminİnsan hüquqları
Yaşamaq hüququ
Həmçinin: həyat hüququ
QISACA
Hər kəsin həyatının toxunulmazlığı; bu hüquqdan istisnalara yalnız Konstitusiyada göstərilən və qanunla nəzərdə tutulmuş hallarda yol verilir.
Yaşamaq hüququ — qanunvericilikdə tərifi
I. Hər kəsin yaşamaq hüququ vardır.
II. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.
Yaşamaq hüququ nə deməkdir?
Yaşamaq hüququ digər bütün hüquqlardan istifadənin ilkin şərtidir. Konstitusiya onu təhlükəsiz yaşamaq hüququ ilə tamamlayır: qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına qəsd etmək, ona qarşı zor işlətmək qadağandır (Konstitusiya, maddə 31). Yaşamaq hüququ məhdudlaşdırılması qadağan olunan hüquqlar sırasındadır; müharibənin hüquqauyğun aparılması nəticəsində baş verən ölüm halları istisnadır (İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Konstitusiya Qanunu, maddə 2).
İnsana qarşı silah işlədilməsinə yalnız qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması, dövlət çevrilişinin qarşısının alınması və ölkəyə silahlı basqın hallarında yol verilir (Konstitusiya, maddə 27). Avropa İnsan Hüquqları Konvensiyasının 6 saylı Protokoluna görə isə ölüm cəzası ləğv olunur və heç kəs ölüm cəzasına məhkum edilə və ya edam oluna bilməz (Avropa İnsan Hüquqları Konvensiyasına 6 saylı Protokol, maddə 1).
Mənbə: Azərbaycan Respublikasının Konstitusiyası, maddə 27