İCTİMAİ OFERTA
Abunəlik müqaviləsi
Bu Abunəlik müqaviləsi (bundan sonra — «Müqavilə») qanuntestleri.com saytında və onun tətbiq kimi quraşdırılan versiyasında (bundan sonra — «Platforma») ödənişli xidmətlərin — abunə paketlərinin və ayrıca satılan rəqəmsal məhsulların — göstərilməsi şərtlərini müəyyən edən ictimai ofertadır. Müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Elektron ticarət haqqında» və «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunlarına uyğun olaraq elektron formada bağlanır.
Müqavilənin qəbulu (elektron qəbul). Ödəniş səhifəsində «Abunəlik müqaviləsi ilə tanış oldum və şərtləri qəbul edirəm» qutusunu işarələyib ödəniş etməklə siz Müqavilənin mətni ilə tanış olduğunuzu və onun bütün şərtlərini tam həcmdə qəbul etdiyinizi təsdiq edirsiniz. Qutu işarələnmədən sifariş qəbul edilmir. Qəbul anında Müqavilənin versiyası, tarix və vaxt, IP ünvanı və brauzer məlumatı sifarişdə qeyd olunur; qəbul etdiyiniz redaksiyanın mətni saxlanılır və sifarişin səhifəsində sizə əlçatandır.
Tərəflər və anlayışlar
Xidmət göstərən — Platformanı idarə edən və bu Müqavilə üzrə xidmət göstərən şəxs:
- Sayt: qanuntestleri.com
- Müraciətlər: «Texniki dəstək» səhifəsi
Xidmət göstərənin hüquqi adı, VÖEN-i, hüquqi ünvanı və bank rekvizitləri ödəniş sistemi qoşulduqdan sonra bu bölməyə əlavə olunacaq.
İstifadəçi — Platformada hesab yaradan, bu Müqaviləni qəbul edən və ödəniş edən fiziki şəxs. Abunəliyi qüvvədə olan İstifadəçi həm də Abunəçi adlanır.
- Məzmun — Platformadakı testlər, suallar, izahlar, sınaq imtahanları, dərslər, kartlar, səsli materiallar, məqalələr və digər materiallar.
- Abunə paketi — müəyyən müddətə (aylarla) və qiymətə ödənişli Məzmuna giriş verən xidmət.
- Abunəlik — ödənilmiş paketin müddəti ərzində İstifadəçinin ödənişli Məzmuna və funksiyalara giriş hüququ.
- Pulsuz hissə — abunəsiz istifadəçilərə açıq olan Məzmun və funksiyalar.
Müqavilədə tənzimlənməyən məsələlərə «İstifadə qaydaları», «Məxfilik siyasəti» və «Müəllif hüquqları» sənədləri tətbiq olunur. Ödəniş və abunəlik məsələlərində həmin sənədlərlə bu Müqavilə arasında fərq olarsa, Müqavilə üstündür.
Müqavilənin predmeti
- Xidmət göstərən İstifadəçiyə ödənilmiş abunə paketinin müddəti ərzində Platformanın «Abunəliyə hazırda daxil olanlar» bölməsində göstərilən ödənişli Məzmununa və funksiyalarına onlayn giriş imkanı verir; İstifadəçi paketin qiymətini ödəyir və Müqavilənin şərtlərinə əməl edir.
- Xidmət internet vasitəsilə, rəqəmsal formada göstərilir. Fiziki daşıyıcı (çap olunmuş kitab, disk və s.) verilmir, çatdırılma həyata keçirilmir.
- Abunəlik Məzmuna mülkiyyət hüququ və ya onun surətini almaq hüququ vermir — bu, abunəlik müddətində şəxsi istifadə üçün giriş hüququdur.
- Paketin təsvirində başqa hal göstərilməyibsə, abunəlik Platformadakı bütün imtahan istiqamətləri üzrə ödənişli Məzmuna giriş verir.
- Platformanın pulsuz hissəsi Müqavilənin predmeti deyil: onun tərkibi və həcmi dəyişə bilər.
Abunəliyə hazırda daxil olanlar
Müqavilənin qəbul edildiyi anda abunəliyə aşağıdakılar daxildir. Məzmun Platformada dərc olunduğu həcmdə təqdim olunur və mütəmadi artırılır; ayrı-ayrı imtahan istiqamətləri, fənlər, məcəllə və qanunlar üzrə həcm fərqlidir. Hər bənddə abunəsiz istifadəçiyə nəyin açıq olduğu da göstərilir.
- Mövzu testləri. İmtahan proqramlarına daxil olan məcəllə, qanun və mövzular üzrə testlər, düzgün cavablar, olan hallarda izahlar və nəticələrin yadda saxlanması. Abunəsiz: yalnız «Pulsuz» kimi işarələnmiş testlər.
- Sınaq imtahanları və «Sınaq yarat». Dərc olunmuş sınaq imtahanları, sual bankından fənn və sual sayı seçilməklə yaradılan fərdi sınaqlar və səhvlərin təkrarı. Fərdi sınaq yaratmağa gündəlik limit tətbiq olunur (hazırda — gündə 3 sınaq); dərc olunmuş sınaqların təkrar işlənməsi və səhvlərin təkrarı bu limitə daxil deyil. Abunəsiz: sınaqdan qısa pulsuz nümunə (gündəlik limitlə).
- Dərslər və dərs materialları. Məcəllə və mövzular üzrə dərslərin və saytda oxunan dərs konspektlərinin (ayrıca satılan PDF konspektlərdən fərqli olaraq — bax: «Ayrıca satılanlar»), habelə kazusların, müsahibə materiallarının, dünyagörüşü və digər yazıların tam mətni, «Dərslərim» bölməsində irəliləyişin izlənməsi. Abunəsiz: dərslərin bir hissəsi hamıya açıqdır; abunəçilər üçün olan materialların yalnız giriş hissəsi göstərilir.
- Öyrədici kartlar («Kartlar»). Dərslərə bağlı «Özünü yoxla» kartları və intervallı təkrar. Kartlar hazırda dərslərin yalnız bir hissəsi üçün mövcuddur, qalan dərslər üçün hazırlanır (bax: «Hazırlanma mərhələsində olanlar» bölməsi). Abunəsiz: hər dəstdən bir neçə nümunə kart.
- Səsli Məcəllələr («Dinlə»). Məcəllə və qanunların səsləndirilmiş mətni, mətnlə sinxron izləmə və əlfəcinlər. Dinləmək üçün internet bağlantısı lazımdır: səsli kitabların cihaza yüklənib oflayn dinlənməsi hələ hazırlanır (bax: «Hazırlanma mərhələsində olanlar» bölməsi). Səsləndirmə mətndən nitqə çevirmə texnologiyası ilə hazırlanır, tələffüzdə qüsurlar ola bilər. Abunəsiz: pulsuz kimi işarələnmiş və ayrıca alınmış səsli kitablar (bax: «Ayrıca satılanlar»).
- Qanun axtarışı və maddə səhifələri. Məcəllə və qanunlarda söz, ifadə və maddə nömrəsi ilə axtarış, maddələrin mətni. Abunəsiz: axtarış bağlıdır; maddə səhifələrində maddənin yalnız əvvəli göstərilir.
- Hüquq ədəbiyyatı. Hüquq üzrə kitab və vəsaitlərin kataloqu, onlarda axtarış və PDF fayllarına keçidlər. Kitablar açıq mənbələrdən toplanır; onların müəllif hüquqları müəlliflərə və naşirlərə məxsusdur, Xidmət göstərən kitabların məzmununa görə cavabdeh deyil. Abunəsiz: bölmə abunəçilər üçündür.
- Analiz və Hazırlıq planı. Nəticələrin statistikası, zəif mövzular, səhvlər üzrə təkrar, imtahan tarixinə görə fərdi hazırlıq planı və onun təqvimə əlavə edilməsi. Abunəsiz: qeydiyyatlı istifadəçiyə açıqdır, lakin yalnız onun işləyə bildiyi materialların nəticələri əsasında qurulur.
- Reklamsız istifadə. Abunəçilərə Platformada reklam göstərilmir.
Aşağıdakılar abunəlikdən asılı deyil və pulsuzdur: İmtahan təqvimi (hamıya açıqdır; tarixlər imtahanı keçirən qurumların elanlarına əsasən məlumat üçün göstərilir), Günün sualları, Kalkulyatorlar (əmək haqqı, dövlət qulluqçusunun maaşı, dövlət rüsumu və s.), Reytinq, xallar və rozetlər (qeydiyyatlı istifadəçilər üçün; ayın ilk yerlərinə «Reytinq» səhifəsində göstərilən qaydada bonus abunəlik günləri verilir) və Forum (oxumaq hamıya açıqdır, yazmaq qeydiyyatlı istifadəçilər üçündür). Bu bölmələrdəki məlumatlar və hesablamalar məlumat xarakterlidir.
Hazırlanma mərhələsində olanlar
Aşağıdakı bölmələr Müqavilənin qəbul edildiyi anda hələ hazır deyil və ya qismən hazırdır. Onlar hazırlanır və hazır olduqca — tam və ya hissə-hissə — aktiv abunəliklərə əlavə ödəniş tələb edilmədən əlavə olunacaq.
- Məntiq, İnformatika və Azərbaycan dili. Dövlət qulluğuna qəbul imtahanının bu blokları üzrə testlər və dərs materialları hazırlanır. Hazırda bu fənlər Platformada «tezliklə» və ya «hazırlanır» kimi göstərilir; onlar üzrə material ya yoxdur, ya da azdır.
- Qalan dərslər üçün öyrədici kartlar. Kartlar hazırda dərslərin bir hissəsi üçün mövcuddur, qalanları mərhələli əlavə olunur. Reklam və təqdimat materiallarında göstərilən kart sayı (məsələn, «10 000+ öyrənmə kartı») hazırlanan hədəf həcmi ifadə edir və Platformada hazırda mövcud olan kartların sayı deyil.
- Bəzi məcəllə və qanunlar üzrə dərslər və mövzu testləri. İmtahan proqramlarına daxil olan bəzi normativ aktlar üzrə dərslər və mövzu testləri hazırlanır; belə aktların sualları hazırda yalnız sınaq imtahanlarının sual bankında ola bilər. Bəzi dərslərə hələ test bağlanmayıb. Belə yerlər Platformada «hazırlanır», «tezliklə» və ya «Test hazırlanır» qeydi ilə göstərilir.
- Kazuslar, müsahibə materialları və dünyagörüşü bloku. Bu materiallar mərhələli əlavə olunur; bəzi imtahan istiqamətləri üzrə onlar hələ azdır və ya yoxdur.
- Səsli kitabların siyahısı. Bütün məcəllə və qanunlar hələ səsləndirilməyib; yeni səsli kitablar mərhələli əlavə olunur.
- Səsli kitabların oflayn dinlənməsi. Səsli kitabları cihaza yükləyib internetsiz dinləmək imkanı hazırlanır; hazırda dinləmək üçün internet bağlantısı lazımdır. Platformadakı təqdimat mətnlərində «oflayn saxlayın» kimi ifadələr bu hazırlanan imkana aiddir.
Bu bölmələrin hazır olması üçün dəqiq tarix müəyyən edilmir və vəd edilmir. Onların vəziyyəti ödənişdən əvvəl bu Müqavilədə açıqlandığı üçün hazırlanmanın davam etməsi abunəliyin qiymətinin azaldılması, ödənişin geri qaytarılması və ya müddətin uzadılması üçün əsas deyil. Platformada «tezliklə», «hazırlanır» və bu kimi qeydlərlə göstərilən digər bölmələrə də eyni qayda şamil olunur.
Abunə səhifəsində və digər təqdimat materiallarında göstərilən say göstəriciləri Platformanın inkişaf hədəflərini əks etdirə bilər. Abunəliyə daxil olan Məzmun bu Müqavilədə təsvir olunduğu kimidir və Platformada faktiki dərc olunmuş həcmdədir.
Ayrıca satılanlar
- PDF konspektlər abunəliyə daxil deyil və ayrıca satılır; qiyməti və tərkibi konspektin səhifəsində göstərilir.
- Konspektin nüsxəsi alıcının adına hazırlanır: səhifələrdə alıcının e-poçt ünvanı və nüsxə kodu göstərilir. Konspekt yalnız şəxsi istifadə üçündür; onu yaymaq, paylaşmaq, satmaq və ya başqa yerdə yerləşdirmək qadağandır — yayılmış nüsxənin mənbəyi nüsxə kodu ilə müəyyən edilə bilər.
- Alınmış konspektə giriş abunəlikdən asılı deyil: abunəlik olmasa da, konspekti «Hesabım → Konspektlərim» bölməsindən yükləmək olar.
- Aktiv abunəçilərə PDF konspektlər və onların tam kolleksiyası 50% endirimlə satılır; endirim yalnız abunəlik qüvvədə olarkən edilən alışa şamil olunur, faizi dəyişə bilər və alış anında ödəniş səhifəsində göstərilən qiymət tətbiq olunur.
- Ayrıca satılan səsli kitablar. Bəzi səsli kitablar abunəlikdən başqa ayrıca da satılır («Yalnız bu kitabı al»; qiyməti kitabın səhifəsində göstərilir). Belə alışda giriş yalnız həmin səsli kitaba verilir, müddətsizdir və abunəlikdən asılı deyil; ödəniş geri qaytarıldıqda giriş ləğv olunur.
- Platformada ayrıca satılan digər rəqəmsal məhsullara (olarsa) onların səhifəsində göstərilən şərtlər tətbiq olunur. Ayrıca satılan məhsulların alışına da bu Müqavilənin qiymət və ödəniş, geri qaytarma, İstifadəçinin öhdəlikləri, əqli mülkiyyət, məsuliyyət və mübahisələrin həlli şərtləri şamil olunur.
Qiymət, kampaniya və ödəniş
Abunə paketlərinin bu redaksiyanın tarixinə olan qiymətləri:
- 1 aylıq abunə (1 ay) — 49,90 ₼; kampaniya qiymətidir, adi qiymət — 99,90 ₼
- 3 aylıq abunə (3 ay) — 99,90 ₼; kampaniya qiymətidir, adi qiymət — 199,90 ₼
- 6 aylıq abunə (6 ay) — 149,90 ₼; kampaniya qiymətidir, adi qiymət — 299,90 ₼
- Qiymətlər Azərbaycan manatı ilə göstərilir. Sifariş üçün ödəniş səhifəsində göstərilən yekun məbləğ tətbiq olunur.
- Kampaniya zamanı adi qiymət üstüxətli, kampaniya qiyməti və (olduqda) kampaniyanın bitmə tarixi göstərilir. Kampaniya bitdikdən sonra adi qiymət tətbiq olunur; kampaniya qiyməti ilə alınmış abunəliyin müddəti və şərtləri dəyişmir.
- Qiymətlər, paketlər və kampaniya şərtləri dəyişə bilər. Dəyişiklik artıq ödənilmiş abunəlik müddətinə təsir etmir.
- Endirim kuponlarının və bonusların şərtləri onların təqdim edildiyi yerdə göstərilir; onlar pula çevrilmir və başqasına ötürülmür.
- Ödəniş bank kartı ilə, ödəniş xidməti təminatçısının qorunan səhifəsində aparılır. Onlayn ödəniş sistemi (Epoint) qoşulma mərhələsindədir; qoşulduqdan sonra ödənişlər onun vasitəsilə qəbul ediləcək. Bank kartının məlumatları Platformada saxlanılmır. Bank ödənişin əlavə təsdiqini (məsələn, SMS kodu ilə) tələb edə bilər; bank tərəfindən rədd edilmiş ödəniş üzrə abunəlik aktivləşmir.
- Ödənişin təsdiqi e-poçtla göndərilir; sifariş, qəbz və qəbul etdiyiniz Müqavilənin versiyası «Hesabım → Sifarişlərim» bölməsində saxlanılır.
Abunəliyin başlaması, müddəti və uzadılması
- Abunəlik ödəniş uğurla təsdiqləndikdən dərhal sonra aktivləşir; təsdiq e-poçtla göndərilir.
- Müddət paketdəki ay sayına görə, aktivləşmə günündən təqvim ayı ilə hesablanır (məsələn, 18 oktyabrda aktivləşən 3 aylıq abunəlik 18 yanvaradək qüvvədədir).
- Abunəlik qüvvədə olarkən yeni paket alsanız, yeni müddət mövcud bitmə tarixinin üzərinə əlavə olunur.
- Abunəlik avtomatik yenilənmir və kartınızdan təkrar ödəniş tutulmur. Müddətin bitməsinə 7, 3 və 1 gün qalmış e-poçtla xatırlatma göndəririk; davam etmək istəsəniz, yeni paketi özünüz alırsınız.
- Abunəlik müddəti fasiləsiz axır; onun dayandırılması («dondurulması») nəzərdə tutulmayıb.
- Reytinq mükafatı, dəvət kodu və ya kampaniya çərçivəsində verilən bonus günlər abunəliyə əlavə olunur; onlar pula çevrilmir və başqasına ötürülmür.
- Müddət bitdikdə hesabınız, nəticələriniz və analiziniz saxlanılır, ödənişli Məzmuna giriş isə bağlanır.
- Abunəlik bir nəfər üçündür. Hesabdan eyni anda yalnız bir cihazda istifadə oluna bilər: başqa cihazdan daxil olduqda əvvəlki cihazdakı sessiya avtomatik bağlanır.
Geri qaytarma
- Abunəlik rəqəmsal xidmətdir və ödənişdən dərhal sonra tam həcmdə istifadəyə verilir. Buna görə aktivləşdirilmiş abunəlik üzrə ödəniş, qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, geri qaytarılmır.
- Səhvən təkrar ödəniş edilibsə və ya Xidmət göstərənin tərəfindən yaranan və aradan qaldırıla bilməyən texniki nasazlıq səbəbindən xidmətdən istifadə edə bilməmisinizsə, ödənişi geri qaytarırıq və ya abunəlik müddətini uzadırıq.
- «Hazırlanma mərhələsində olanlar» bölməsində göstərilən bölmələrin hələ əlavə olunmaması geri qaytarma üçün əsas deyil.
- Alıcının adına hazırlanan PDF konspekt fayl yükləndikdən sonra geri qaytarılmır; fayl açılmırsa və ya qüsurludursa, onu əvəz edirik.
- Geri qaytarma ödənişin aparıldığı karta, bankın və ödəniş xidməti təminatçısının müəyyən etdiyi müddətdə həyata keçirilir. Ödəniş geri qaytarıldıqda həmin sifarişin verdiyi abunəlik müddəti (və ya konspektə, ayrıca alınmış səsli kitaba giriş) ləğv olunur.
- Müraciət üçün sifariş nömrəsini göstərməklə «Texniki dəstək» səhifəsi vasitəsilə bizə yazın.
İstifadəçinin öhdəlikləri
İstifadəçi öhdəlik götürür:
- qeydiyyat və ödəniş zamanı doğru məlumat (ad, soyad, e-poçt ünvanı) vermək — qəbz, bildirişlər və konspekt nüsxələri bu məlumatlarla hazırlanır;
- hesabı, şifrəni və abunəliyi başqa şəxslərlə paylaşmamaq, satmamaq, icarəyə verməmək və heç bir formada ötürməmək;
- Məzmunu kopyalayıb yaymamaq: testləri, izahları, dərsləri, kartları, səsli materialları və konspektləri sosial şəbəkələrdə, messencer qruplarında, başqa saytlarda və ya tətbiqlərdə yerləşdirməmək, satmamaq, ekran görüntüləri və ya başqa üsulla toplu şəkildə çoxaltmamaq;
- botlar, skriptlər, skreyperlər və digər avtomatlaşdırılmış vasitələrlə Məzmunu yükləməmək, toplamamaq və testləri həll etməmək, Məzmundan süni intellekt modellərini öyrətmək üçün istifadə etməmək;
- ödənişli Məzmuna girişin texniki məhdudiyyətlərini, cihaz limitini və qorunma vasitələrini keçməyə cəhd etməmək;
- «İstifadə qaydaları» sənədinin digər tələblərinə əməl etmək.
Bu öhdəliklər pozulduqda hesab xəbərdarlıqla, ciddi pozuntuda isə xəbərdarlıqsız dayandırıla və ya bağlana bilər; bu halda ödəniş geri qaytarılmır. Pozuntu nəticəsində vurulmuş zərərin ödənilməsi qanunvericiliyə uyğun tələb edilə bilər.
Əqli mülkiyyət
- Platformadakı testlər, izahlar, dərslər, kartlar, səsləndirmələr, konspektlər, onların seçimi və tərtibatı, dizayn, loqo və proqram təminatı Xidmət göstərənə və ya müvafiq hüquq sahiblərinə məxsusdur və qanunla qorunur.
- Abunəlik İstifadəçiyə Məzmundan yalnız şəxsi, qeyri-kommersiya məqsədilə, abunəlik müddətində istifadə etmək üçün məhdud, qeyri-müstəsna və ötürülməz hüquq verir. Hər hansı başqa istifadə üçün Xidmət göstərənin yazılı razılığı tələb olunur.
- Normativ hüquqi aktların rəsmi mətnləri hamı üçün açıqdır; onların əsasında hazırlanmış testlər, izahlar və dərs materialları isə qorunan Məzmundur. Ətraflı: «Müəllif hüquqları».
Məsuliyyətin hüdudları
- İmtahan nəticəsinə zəmanət verilmir. Platforma hazırlığa kömək edir, lakin imtahanın nəticəsi İstifadəçinin hazırlığından və imtahanı keçirən qurumların qərarlarından asılıdır. İmtahan proqramlarını, formatını və keçid balını səlahiyyətli qurumlar müəyyən edir.
- Məzmun təhsil və məlumat xarakterlidir, rəsmi hüquqi məsləhət deyil. Normativ hüquqi aktlar dəyişə bilər; dəyişiklikləri izləyir və Məzmunu yeniləyirik, lakin hər dəyişikliyin dərhal əks olunmasına zəmanət vermirik. Rəsmi mətnlər Azərbaycan Respublikasının Hüquqi Aktlarının Vahid Elektron Bazasında — e-qanun.az saytında dərc olunur; fərq olarsa, rəsmi mətn əsas götürülür.
- Texniki işlər, yeniləmələr, internet, hostinq, bank və ya ödəniş xidməti təminatçılarındakı nasazlıqlar səbəbindən qısamüddətli fasilələr ola bilər. Planlı texniki işlər barədə mümkün olduqca əvvəlcədən məlumat veririk.
- Qarşısıalınmaz qüvvə (təbii fəlakət, hərbi əməliyyatlar, dövlət orqanlarının qərarları, geniş miqyaslı kiberhücum, enerji və ya rabitə kəsintisi və s.) hallarında tərəflər öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşımır.
- Qanunvericiliyin icazə verdiyi həddə Xidmət göstərənin məsuliyyəti iddiaya səbəb olan xidmət üçün İstifadəçinin ödədiyi məbləğlə məhdudlaşır; dolayı zərərə və əldən çıxmış faydaya görə məsuliyyət daşınmır.
- Bu bölmə istehlakçı kimi qanunla İstifadəçiyə verilmiş və müqavilə ilə məhdudlaşdırıla bilməyən hüquqları məhdudlaşdırmır.
Şəxsi məlumatlar
İstifadəçinin şəxsi məlumatları «Məxfilik siyasəti» sənədinə uyğun emal olunur. Müqavilənin bağlanması və icrası üçün ad, soyad, e-poçt ünvanı, telefon nömrəsi (göstərilibsə), sifariş və ödəniş məlumatları istifadə olunur; ödənişin aparılması üçün zəruri məlumatlar ödəniş xidməti təminatçısına ötürülür. Müqavilənin qəbulunu sübut etmək üçün qəbulun tarixi və vaxtı, Müqavilənin versiyası, IP ünvanı və brauzer məlumatı sifarişlə birlikdə saxlanılır.
Müqavilədə dəyişikliklər
- Müqavilə yenilənə bilər. Hər redaksiyanın versiyası və «Son yenilənmə» tarixi səhifənin yuxarısında göstərilir; mətndə, rekvizitlərdə və ya qiymətlərdə hər hansı dəyişiklik yeni versiya yaradır.
- Yeni redaksiya dərc edildiyi andan sonrakı ödənişlərə tətbiq olunur.
- Mövcud abunəçinin artıq ödənilmiş cari dövrü üçün onun ödəniş zamanı qəbul etdiyi versiyanın şərtləri qüvvədə qalır. İstifadəçinin xeyrinə olan dəyişikliklər (məsələn, yeni bölmələrin abunəliyə əlavə olunması) dərhal tətbiq oluna bilər.
- Hər sifarişdə qəbul edilmiş versiya qeyd olunur; həmin redaksiyanın mətni saxlanılır və sifarişin səhifəsində göstərilir.
Mübahisələrin həlli
- Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir və şərh edilir.
- Mübahisələr ilk növbədə danışıqlar yolu ilə həll edilir: iradınızı sifariş nömrəsi ilə birlikdə «Texniki dəstək» səhifəsi vasitəsilə yazılı göndərin. Müraciətə ağlabatan müddətdə — adətən bir iş günü ərzində — cavab veririk.
- Razılıq əldə olunmazsa, mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq səlahiyyətli məhkəmədə baxılır.
Əlaqə
Müqavilə ilə bağlı suallarınızı «Texniki dəstək» səhifəsi vasitəsilə göndərin. Xidmət göstərənin əlaqə məlumatları və rekvizitləri «Tərəflər və anlayışlar» bölməsində göstərilib.
Müqavilə İstifadəçi tərəfindən qəbul edildiyi andan qüvvəyə minir və tərəflərin öhdəlikləri tam icra olunanadək qüvvədə qalır.