Hüquqi terminMülki hüquq
Publik hüquqi şəxsin hüquq qabiliyyəti
QISACA
Publik hüquqi şəxsin yalnız nizamnaməsində nəzərdə tutulmuş fəaliyyətlə bağlı mülki hüquqlara malik olmaq və mülki vəzifələr daşımaq qabiliyyəti.
Publik hüquqi şəxsin hüquq qabiliyyəti — qanunvericilikdə tərifi
5.1. Publik hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla mülki vəzifələr daşıyır və publik hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
5.2. Publik hüquqi şəxs yalnız nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət ilə məşğul ola bilər.
5.4. Publik hüquqi şəxs müflis elan oluna bilməz.
Publik hüquqi şəxsin hüquq qabiliyyəti nə deməkdir?
Publik hüquqi şəxsin hüquq qabiliyyəti xüsusi (məqsədli) xarakter daşıyır: o, yalnız nizamnamədə nəzərdə tutulmuş fəaliyyəti əhatə edir. Kommersiya hüquqi şəxsləri isə qanunla qadağan edilməyən istənilən fəaliyyət üçün zəruri hüquqlara malik ola bilər (Mülki Məcəllə, maddə 44.2). Nizamnamədə fəaliyyətin istiqamətləri, hüquq və vəzifələr, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ (verildiyi halda) göstərilir (Publik hüquqi şəxslər haqqında Qanun, maddə 6.2).
Publik hüquqi şəxsin əmlakla bağlı sərbəstliyi də məhduddur. Xalis aktivlərin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan xüsusi əhəmiyyətli əqdin bağlanmasına təsisçinin razılığı tələb olunur (Publik hüquqi şəxslər haqqında Qanun, maddə 8.2.6), ona verilmiş dövlət və bələdiyyə əmlakı isə yalnız nizamnamədə müəyyən edilmiş məqsədlərə uyğun istifadə edilir (Publik hüquqi şəxslər haqqında Qanun, maddə 7.4).
Mənbə: Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikasının Qanunu, maddə 5