Hüquqi terminİnsan hüquqları
Şəxsi toxunulmazlıq hüququ
Həmçinin: şəxsi həyatın toxunulmazlığı
QISACA
Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq və ona qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ.
Şəxsi toxunulmazlıq hüququ — qanunvericilikdə tərifi
I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.
II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
Şəxsi toxunulmazlıq hüququ nə deməkdir?
Şəxsi toxunulmazlıq hüququ insanın şəxsi və ailə həyatını dövlətin və başqalarının qanunsuz müdaxiləsindən qoruyur. Razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir; qanunla müəyyən edilmiş hallar istisna olmaqla heç kəs xəbəri olmadan izlənilə, foto və video çəkilişinə, səs yazısına məruz qoyula bilməz (Konstitusiya, maddə 32).
Yazışma, telefon danışıqları və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirri də qorunur; bu hüquq yalnız qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaq və ya istintaq zamanı həqiqəti üzə çıxarmaq üçün məhdudlaşdırıla bilər. Hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola və həqiqətə uyğun olmayan məlumatların düzəldilməsini tələb edə bilər (Konstitusiya, maddə 32).
Mənbə: Azərbaycan Respublikasının Konstitusiyası, maddə 32