Hüquqi terminProsessual hüquq
Vəzifədən kənarlaşdırma
QISACA
Şübhəli və ya təqsirləndirilən şəxsin vəzifə səlahiyyətlərini icra etməsinə və ya məşğul olduğu fəaliyyəti davam etdirməsinə qadağa qoyan qətimkan tədbiri.
Vəzifədən kənarlaşdırma — qanunvericilikdə tərifi
Vəzifədən kənarlaşdırma qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin öz vəzifə səlahiyyətlərini icra etməsinə, yerinə yetirdiyi işi, yaxud məşğul olduğu fəaliyyəti davam etdirməsinə qadağan qoyulmasından ibarətdir.
Vəzifədən kənarlaşdırma nə deməkdir?
Vəzifədən kənarlaşdırma da digər qətimkan tədbirləri kimi şəxsin qanuna zidd davranışının qarşısını almaq məqsədi daşıyır (Cinayət-Prosessual Məcəllə, maddə 154.1), lakin azadlığı deyil, vəzifə, iş və ya peşə fəaliyyətini məhdudlaşdırır. O, həm şübhəli, həm də təqsirləndirilən şəxs barəsində seçilə bilər (Cinayət-Prosessual Məcəllə, maddə 172.1). Digər tədbirlərdən fərqli olaraq o, həm əsas tədbir kimi, həm də başqa qətimkan tədbirinə əlavə olaraq seçilə bilər (Cinayət-Prosessual Məcəllə, maddə 154.4).
Kifayət qədər əsas olduqda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror şəxsə 3 gün müddətində vəzifə səlahiyyətlərini icra etməyi əsaslandırılmış qərarla qadağan edə bilər və eyni vaxtda bu tədbirin seçilməsi üçün məhkəməyə təqdimat göndərir (Cinayət-Prosessual Məcəllə, maddə 172.2). Məhkəmə qərarının surəti iş yerinin müdiriyyətinə göndərilir və müdiriyyət şəxsin qadağan edilmiş işlə məşğul olmasına imkan verməməlidir (Cinayət-Prosessual Məcəllə, maddə 172.3).
Mənbə: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, maddə 172.1