Hüquqi terminKonstitusiya hüququ
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
QISACA
Naxçıvan Muxtar Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən, 45 üzvdən ibarət və səlahiyyət müddəti 5 il olan orqan.
Qanunvericilikdə tərifi
I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 üzvdən ibarətdir.
II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət müddəti 5 ildir.
III. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrini və onun müavinlərini seçir, daimi və digər komissiyalar təşkil edir.
Sadə dildə izah
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi muxtar respublikanın qanunvericilik orqanıdır (Konstitusiya, maddə 135). O, 45 üzvdən ibarətdir və səlahiyyət müddəti 5 ildir. Ali Məclis öz sədrini və onun müavinlərini seçir, daimi və digər komissiyalar təşkil edir. Ali Məclisin sədri muxtar respublikanın ali vəzifəli şəxsidir (Konstitusiya, maddə 136).
Ali Məclis muxtar respublikada seçkilər, vergilər, iqtisadiyyatın inkişafı istiqamətləri, sosial təminat, ətraf mühitin qorunması, turizm, səhiyyə, elm və mədəniyyət məsələlərinə dair qanunlar qəbul edir (Konstitusiya, maddə 138). O, həmçinin muxtar respublikanın büdcəsini, iqtisadi və sosial proqramlarını və Nazirlər Kabinetinin tərkibini təsdiq edir (Konstitusiya, maddə 139). Ali Məclis Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququna da malikdir (Konstitusiya, maddə 96).
Mənbə: Azərbaycan Respublikasının Konstitusiyası, maddə 137