Hüquqi terminKonstitusiya hüququ
Konstitusiya Məhkəməsinin Plenumu
Həmçinin: Konstitusiya Məhkəməsi Plenumu
QISACA
Konstitusiya Məhkəməsinin bütün hakimlərinin daxil olduğu və icraata qəbul edilmiş işlərə mahiyyəti üzrə baxan tərkibi.
Konstitusiya Məhkəməsinin Plenumu — qanunvericilikdə tərifi
6.2. Konstitusiya Məhkəməsi işlərə palataların və Plenumun iclaslarında baxır.
6.3. Konstitusiya Məhkəməsi Plenumunun tərkibinə Konstitusiya Məhkəməsinin bütün hakimləri daxildir.
Konstitusiya Məhkəməsinin Plenumu nə deməkdir?
Plenum Konstitusiya Məhkəməsinin işlərə mahiyyəti üzrə baxan tərkibidir. İş iki mərhələdən keçir: palatalarda sorğu, müraciət və ya şikayətin icraata qəbul edilib-edilməməsi həll olunur, icraata qəbul edilmiş işlərə isə Plenumda mahiyyəti üzrə baxılır (Konstitusiya Məhkəməsi haqqında Qanun, maddə 7). Bəzi məsələlərə, məsələn, Prezidentin vəzifədən kənarlaşdırılması ilə bağlı işə birbaşa Plenumda baxılır (Konstitusiya Məhkəməsi haqqında Qanun, maddə 7.3).
Plenumun iclaslarını bir qayda olaraq Konstitusiya Məhkəməsinin sədri çağırır və onlara sədr və ya onu əvəz edən şəxs sədrlik edir. Qanunla başqa hal müəyyən edilməyibsə, Plenumun iclası azı 6 hakim iştirak etdikdə səlahiyyətlidir (Konstitusiya Məhkəməsi haqqında Qanun, maddə 6.6). Plenumun qərarı, bir qayda olaraq, 5 hakimin səs çoxluğu ilə qəbul edilir və qətidir (Konstitusiya Məhkəməsi haqqında Qanun, maddə 63).
Mənbə: Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu, maddə 6