Hüquqi terminGömrük hüququ
Gömrük orqanı
QISACA
Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsini həyata keçirmək səlahiyyəti olan, gömrük xidmətinin vahid sisteminə daxil olan struktur bölməsi.
Gömrük orqanı — qanunvericilikdə tərifi
gömrük orqanı – gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsini tam və ya qismən həyata keçirmək səlahiyyəti verilmiş və gömrük xidmətinin vahid sisteminə daxil olan struktur bölməsi; …
Gömrük orqanı nə deməkdir?
Azərbaycan Respublikasında gömrük işi gömrük orqanları tərəfindən yerinə yetirilir (Gömrük Məcəlləsi, maddə 6.1), vahid sistemə daxil olan gömrük orqanları isə hüquq mühafizə orqanlarıdır (Gömrük Məcəlləsi, maddə 6.2). Onların fəaliyyəti qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, hüquq bərabərliyi, aşkarlıq, peşəkarlıq və xidmətdə nizam-intizam prinsiplərinə əsaslanır (Gömrük Məcəlləsi, maddə 6.3).
Gömrük orqanları gömrük işi sahəsində cinayətlərə dair işlər üzrə təhqiqat və istintaq orqanlarıdır (Gömrük Məcəlləsi, maddə 17.1) və əməliyyat-axtarış fəaliyyəti həyata keçirirlər (Gömrük Məcəlləsi, maddə 19.1). Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, heç bir dövlət orqanı onların səlahiyyətlərinə aid məsələlər üzrə qərar qəbul edə və fəaliyyətinə müdaxilə edə bilməz (Gömrük Məcəlləsi, maddə 6.5).
Mənbə: Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, maddə 1.1.16