VII fəsil. Vergilərin ödənilməsi üzrə ümumi qaydalar
Maddə 81. Vəfat etmiş, fəaliyyət qabiliyyətini itirmiş və ya itkin düşmüş fiziki şəxslərin vergi öhdəliklərinin yerinə yetirilməsi
81.1. Vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edilmiş fiziki şəxsin əmlak vergiləri üzrə vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər.