Hüquqi terminÜmumi
Elektron imza
Həmçinin: e-imza
QISACA
Digər elektron verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər.
Elektron imza — qanunvericilikdə tərifi
1.1.4. Elektron imza – digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər; …
Elektron imza nə deməkdir?
Elektron imzanın vəzifəsi elektron məlumatı onu imzalayan şəxslə əlaqələndirmək, yəni imza sahibini identikləşdirməkdir. İmza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur (Elektron imza və elektron sənəd haqqında Qanun, maddə 5.1). İmzanın həqiqiliyi imza vasitələrindən istifadə edilməklə elektron imzanı yoxlama məlumatları əsasında yoxlanılır (Elektron imza və elektron sənəd haqqında Qanun, maddə 5.3).
Qanun adi elektron imzanı gücləndirilmiş imzadan fərqləndirir. Elektron imza elektron formada olduğuna, sertifikatı olmadığına və ya sertifikatlaşdırılmamış vasitələrlə yaradıldığına görə etibarsız sayıla bilməz (Elektron imza və elektron sənəd haqqında Qanun, maddə 3.1). Əl imzası ilə bərabər hüquqi qüvvəyə isə, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış vasitələrlə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza malikdir (Elektron imza və elektron sənəd haqqında Qanun, maddə 3.2). Sertifikatı olmayan imzadan istifadə edən imza sahibi qarşı tərəfi xəbərdar etməlidir (Elektron imza və elektron sənəd haqqında Qanun, maddə 5.5).
Mənbə: Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu, maddə 1.1.4